۲/۲۷/۱۳۹۳

Urmiye’də Türk aşıq şerinə əmək verəm Roben Yəqubiyan

Yazar: Əhməd Əsədi
Roben Yaqubiyan (1948-2014)
Urmiye’də Aşıq şeirimizdə çalışan erməni şair Roben Yəqubiyan`in ölümündən 40 gün ötdü...
Roben Yəqubiyan Güney Azərbaycanın Urmiye şəhərinin Naxcıvantəpə kəndində, 1948-ci ildə dünyaya göz açmışdı. O aşıq şeirinə ilgi bəsləyərək bu bölümdə çoxlu yapıt(əsər) yaradmışdır. Robenin təkcə oğlu illər öncə vəfat etdiyi gündən bəri , Münzəvi duruma gələrək ,yalqız və yalnız bir yaşam sürdürməkdə idi. 
Urmiye’li Robenın Şeirlərində ikisi:
Öyrən pərvanədən
Şükür olsun yetdim payi saqiyi meyxanədən
Mey badəsin sər çəkmişəm məst oldum peymanədən
Məst-i çeşmi yar sırrını mən soruşdum bülbüldən
Bülbül dedi mən naşıyam, get öyrən pərvanədən
***
Pərvanə tək eşq oduna bu canım biganədi
Öz ölkəmdə qərib oldum, dörd yanım biganədi
Ölüb bülbül, köçüb bayqu, məkanım biganədi
Gecə-gündüz ban çəkirəm bayqu tək viranədən
***
Viran oldu könlüm evi, batdım möhnət bəhrinə
Bir sonanın sevdasında düşdüm qəmlər nəhrinə
Aşna yarım döndü yada, yandım hicran qəhrinə
Dəli könlüm qeys kimi üzülmür cananədən
***
Cananının fəqir `sevan` çox çəkibdi cəfasın
Fərhad kimi canın qoyub, görməyib yar vəfasın
Bu fənanın hətta bir dəm sürməyibdi səfasın
Gələn gündən sitəm görüb kəsiblər qəmxanədən

Dar oldu
Fələyin əlindən gəldim zinhara
Gen dünya başıma dar oldu dar dar
Murğ-i könlüm ərz-i vüsal eylədi
Qismətim dalında xar oldu xar xar
***
Eşqin sevdasına düşən aşiqəm
Vüsalə yetməyən coşan aşiqəm
Eşqin atəşində bişən aşiqəm
Pərvanəyəm sevdam nar oldu nar nar
***
Biçarə `sevanam` çox çəkdim zəhmət
Murada yetmədim, görmədim ləzzət
Ömrü bada verdim, səbəbi qəflət
Sonunda məskənim qar oldu qar qar
Qar= zağa